Azərbaycan ət və ət məhsulları bazarında xüsusi yeri olan “Səhliyalı” şirkəti Abşeron Rayon İcra Hakimiyyəti və rayon könüllülərinin dəstəyi ilə 200 ailəyə ərzaq bağlaması paylayıb.

Müəssisənin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, daim müxtəlif yardım aksiyaları həyata keçirən şirkət bu dəfə “Halallıqla xidmətinizdəyik” devizi ilə müəssisə daxilində istehsal edilən kolbasa və sosislər, süd məhsulları, o cümlədən qarabaşaq, makaron, çay, qənd, şəkər tozu və s. gündəlik tələbat məhsullarının paylanmasını həyata keçirib.

Kampaniya çərçivəsində yaşı 65-dən yuxarı olan, o cümlədən tənha və ahıl insanlara, aztəminatlı ailələrə ərzaq bağlamaları paylanılıb.

Şirkətdən verilən açıqlamaya görə, məqsəd ölkəmizdə pandemiyanın yaratdığı təsirlərdən həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsidir:

“Bildiyimiz kimi, “Səhliyalı” müəssisəsi ət və ət məhsulları, eyni zamanda süd məhsulları istehsalçısıdır. Karantin günlərində də çalışanlarımızın əksər hissəsi ilə iş başındayıq. Həssas dövrü nəzərə alaraq əvvəlkindən daha məsuliyyətlə çalışır, məhsullarımızın satış nöqtələrinə vaxtında çatdırılması üçün bütün tədbirləri görürük”.

Qeyd edək ki, mövcud özünütəcrid tədbirlərini və bəzi vətəndaşların sağlamlıq vəziyyəti nəzərə alınaraq bütün bağlamaların birbaşa evlərə çatdırılması təmin olunub.